Xəbərlər

Interactive digital experiences are continually
Image
2019-12-14 11:58:00 | Tornado

Qadın Mühafizəçi

Qadın Mühafizəçi

 

MÜHAFİZƏ KİŞİ İŞİDİR - anlayışı müasir dövrdə cəmiyyətimizdə geniş yayılmış bir anlayışdır. Əlbəttə əksər mühafizə xidmətlərində mühafizəçilərin böyük qisminin kişi olması bunu bir daha təsdiq edir ki, bu peşə daşıyıcıları daha çox kişilərdir. Lakin mühafizə xidmətləri bazarının inkişaf etməsi və ölkəmizdə bütün sahələrdə mühafizəni təmin etməyi bacaran mühafizə xidmətləri formalaşandan sonra qadın mühafizəçilərə tələbat iki dəfə artmışdır.

Müasir dövrdə ölkəmizdə ticarət mərkəzlərində, catering şirkətlərində, restoranlarda və müxtəlif mədəni tədbirlərdə qadın mühafizəçi müştəri tərəfindən irəli sürülən əsas tələblərdən biridir.  Belə ki, ən azından qadınların üzərinin yoxlanması prosesini qadın mühafizəçi icra etməlidir.

Qadın mühafizəçilər ətrafında olan debatlarda əsas müzakirə olunan məsələ odur ki, qadınlar mühafizəçi kimi vacibdir yoxsa kişilər ?! Əlbəttə bu peşəkar yanaşma deyildir. Əslində sual belə qoyulmalıdır ki, qadın mühafizəçi hansı hallarda daha çox yararlıdır?!

Qadın mühafizəçilərin daha çox əvəzolunmaz olduğu əsas məqamlar aşağıdakılardır:

·  Qadın şübhəli şəxslərin üzərinin yoxlanması zamanı;

·  Qorunan şəxsin özünün qadın olması;

·  Qadın cinsinə aid xüsusi kateqoriya malların (alt-paltar, intim əşyalar və s.) satıldığı məkanlar.

Mühafizəçi əgər kişidirsə onun şübhəli qadının üzərindəki əşyaları yoxlaması və ya bədən yoxlanışı icra etməsi böyük problemlər yarada bilər. Məhz bu problemlərdən uzaq olmaq üçün qadın mühafizəçilər ən ideal seçimdir.

Mühafizəçi nə qədər peşəkar olursa olsun əgər o kişidirsə və qoruduğu şəxs qadındırsa o zaman həkimə gedərkən, ümumi istifadə məkanlarında, bəzi mağazalardakı alış-verişlərdə, bərbərdə olarkən onun təhlükəsizliyini istənilən səviyyədə və formada təmin edə bilməyəcək. Çünki bu nəinki müştərinin özünə həm də onun ətrafında böyük diskomfort yaradacaqdır.

Qadın mühafizəçilərin istifadə olunması metodlarından ən gözəli onları qarışıq komanda (həm kişilərin həm də qadınların olduğu) tərkibində istifadə etməkdir. Bir çox mütəxəssislərin fikrinə görə qadın mühafizəçilər çox zaman kişilərə fiziki gücdə uduzsa da diqqətli olmaqda, potensial oğrunu nəzarətdə saxlamaqda, kamera müşahidə sistemi vasitəsi ilə nəzarət etməkdə, gizlin daşınan silahı müəyyən etmədə və s. hallarda kişi mühafizəçilərdən üstündür.

Zərərçəkənə ilkin tibbi yardımı ən yaxşı göstərən də qadın mühafizəçilərdir. Onlar ilkin tibbi yardım təlimində həm tədris materialların tez mənimsəyir həm də praktiki tətbiqində az hallarda səhvə yol verirlər. Həmçinin qadınlar arasında silahdan atəş açmada da çox hallarda güclü peşəkarlar yetişir.

Zərif cinsin nümayəndəsi mühafizəçidirsə bəzən onların fizioloji xüsusiyyətlərindən asılı olaraq mühafizə işinə aid olan ağır və məsuliyyətli işlərin görülməsinə cəlb edilməsi düzgün yanaşma deyildir.


Bəzi Avropa ölkələrindəki təhlükəsizlik şirkətlərində qadın mühafizəçilər ilə tərkibinə fərqli və qeyri-adi görünə biləcək müddəalar əlavə olunur:

a) İş yoldaşı ilə sevgi yaşamaq olmaz,

b) Evlilik qəbul edilməzdir,

c) Övlad sahibi olmaq olmaz və s.

 Bu müddəalar onunla əsaslandırılır ki, iş yoldaşı ilə evli olan, onunla sevgi yaşayan və ümumiyyətlə övladı olan qadın mühafizəçi kimi müəyyən mənada psixoloji bariyerlərlə rastlaşmış olur. Əlbəttə bu bütün qadın mühafizəçilərə aid olmasa da əksəriyyət üçün keçərlidir.

Mühafizə şirkətlərinin insan resurlarını idarə edən mütəxəssislər də müəyyən müddəalar formalaşdıra bilərlər ki, qadın mühafizəçilərin müqavilələrinə əlavə edilsin.


Ümumilikdə qadınlara fiziki təlimlərin keçirilməsi daha çox vaxt aparır və bu proses daha çətin olur. Belə ki, lazım olan səviyyədə fiziki gücə və özünümüdafiə fəndlərinə yiyələnə kimi qadın mühafizəçilərlə böyük vaxt itkisi olur. Qadınların fiziki ağrılara dözümünün az olması bu o demək deyildir ki, onlar psixoloji də zəifdirlər. Belə ki, mühafizə işində psixoloji möhkəmlik müəyyən mənada zamanla formalaşır. İş mühiti cinsindən asılı olmayaraq şəxsə təsir edir və onun xasiyyətinə, davranışına, geyim tərzinə və qərar verməsinə belə dəyişiklik gətirir. Təcrübə göstərir ki, bir çox məsələlərə qadınlar psixoloji baxımdan təmkinlərini qoruyub düzgün qərar verə bilirlər.

Qadınlar mühafizəçilər müasir dövrdə mühafizə sistemlərinin ayrılmaz tərkib hissələridir.